“Anamın kitabı” əsəri gənclərlə birgə müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı əsasında gənclər üçün növbəti kitab müzakirəsi təşkil edilib. Naxçıvan şəhərində keçirilən tədbirdə bu dəfə müzakirə mövzusu Anamın kitabı əsəri olub.

Tədbirə ekspert qismində dəvət olunan Azərbaycan Yazıçılar Birliyinin üzvü və Ali Məclisin deputatı Qafar Qənbərov (Qafar Qərib), həmçinin AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Məmmədov (Elxan Yurdoğlu) və Cəlil Məmmədquluzadənin Ev Muzeyinin bələdçisi Aytac Ələkbərova çıxış edərək əsərin ideya-məzmun xüsusiyyətləri, milli kimlik, dil və maarifçilik məsələləri barədə fikirlərini bölüşüblər.

Qeyd olunub ki, görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin qələmə aldığı bu əsər cəmiyyətin maariflənməsi, ana dilinə münasibət və milli özünüdərk kimi aktual mövzuları satirik üslubda təqdim edir. Ekspertlər əsərin müasir dövr üçün də aktuallığını qoruduğunu vurğulayaraq gəncləri klassik ədəbiyyata daha çox müraciət etməyə çağırıblar.

Gənclərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, milli ədəbi irsin və mənəvi dəyərlərin təbliği məqsədilə təşkil olunan tədbir interaktiv formada davam edib. İştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.